DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci taqımının əməkdaşları Ələt–Astara avtomobil yolunun 143-cü kilometrində qayda pozuntularına yol verən “Range Rover” markalı, 90-YC-977 dövlət nömrə nişanlı avtomobili saxlayıblar. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, sürücü Əli Rəsulov məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edib. Aparılan araşdırma zamanı onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında, sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.
Toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə sürücü inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər iştirakçılar üçün təhlükə yaradan sürücülərlə bağlı qanunvericiliyə uyğun qəti tədbirlər görülür və bu istiqamətdə nəzarət davam etdiriləcək.
Qurum vurğulayıb ki, əsas məqsəd cəzalandırmaq deyil, vətəndaşların həyat və sağlamlığını qorumaq və yol hərəkətinin təhlükəsizliyini təmin etməkdir.