Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" komitəyə istinadən xəbər verir ki, narkotik vasitə “Cənub-Astara” gömrük postunda aşkar edilib. Belə ki, İran ərazisindən Rusiyaya tranzit keçməklə “göyərti” yükü daşıyan nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlanılarkən şübhəli cizgilər müşahidə olunub.
Bundan sonra yük avtomobili kinoloji xidmət itinin cəlb edilməsi ilə əsaslı gömrük yoxlamasına məruz qalıb. Aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilmiş, qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 51 kiloqram 941 qram olan marixuana aşkar edilib.
Aşkarlanmış narkotik vasitə xüsusilə külli miqdarda qiymətləndirilir və qanunsuz dövriyyədən çıxarılıb. Faktla bağlı müvafiq araşdırma aparılır.