“Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlıq, ortaq milli-mənəvi dəyərlər, strateji tərəfdaşlıq və müttəfiqlik üzərində qurulmuş xüsusi xarakterli münasibətlərdir. Son günlər müəyyən məsələlər ətrafında yaranmış ictimai və media polemikasına da məhz bu münasibətlərin strateji miqyası nəzərə alınmaqla yanaşmaq lazımdır”.
Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, iki müttəfiq dövlət arasında ayrı-ayrı məsələlərə münasibətdə fərqli yanaşmaların yaranması özü-özlüyündə qeyri-adi hal deyil:
“Strateji müttəfiqlik bütün məsələlərdə eyni mövqedə olmaq demək deyil. Azərbaycan və Türkiyə müstəqil, suveren dövlətlərdir və hər biri öz konstitusion quruluşuna, daxili ictimai-siyasi reallıqlarına və milli maraqlarına uyğun qərarlar qəbul edir. Münasibətlərin gücü də məhz fikir fərqlərinin qarşılıqlı hörmət və siyasi dialoq vasitəsilə idarə edilməsində özünü göstərməlidir. Bu baxımdan, daxili xarakter daşıyan həssas məsələlərin media və sosial şəbəkələr üzərindən emosional polemikaya çevrilməsi məqsədəuyğun deyil. Belə məsələlər dövlətlərarası institusional mexanizmlər, diplomatik kanallar və birbaşa siyasi təmaslar vasitəsilə müzakirə edilməlidir. Son günlər Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında keçirilmiş görüş və münasibətlərin cari vəziyyətinin müzakirə edilməsi də birbaşa dialoqun vacibliyini göstərir”.
Aydın Hüseynov vurğulayıb ki, “Bir millət, iki dövlət” anlayışı həm tarixi-mənəvi yaxınlığı, həm də iki suveren dövlətin mövcudluğunu ifadə edir:
“Burada hər iki element eyni dərəcədə əhəmiyyətlidir. Qardaşlıq münasibətləri qarşılıqlı etimad yaradır, dövlət suverenliyi isə hər bir tərəfin daxili və xarici siyasətini müstəqil müəyyən etmək hüququnu təmin edir. Azərbaycan Türkiyənin daxili qərarvermə hüququna hansı həssaslıqla yanaşırsa, eyni yanaşmanın Azərbaycana münasibətdə qorunması da təbiidir.
Deputat hesab edir ki, hazırkı mərhələdə əsas vəzifə yaranmış polemikanın ikitərəfli münasibətlərin strateji gündəliyinə mənfi təsir göstərməsinə imkan verməməkdir:
“Azərbaycan və Türkiyəni enerji təhlükəsizliyi, müdafiə, nəqliyyat-logistika, Orta Dəhliz, regional sülh, Türk Dövlətləri Təşkilatı və geniş iqtisadi əməkdaşlıq kimi mühüm strateji maraqlar birləşdirir. Bu miqyasda münasibətləri ayrı-ayrı polemikaların girovuna çevirmək nə Azərbaycanın, nə də Türkiyənin maraqlarına uyğundur. Hesab edirəm ki, həm siyasi dairələr, həm də media daha məsuliyyətli dil seçməlidir. Qarşılıqlı ittihamların dərinləşdirilməsi əvəzinə birbaşa dialoq, faktlara əsaslanan kommunikasiya və institusional təmaslar gücləndirilməlidir.
Bütövlükdə, Azərbaycan-Türkiyə münasibətlərinin strateji təməli kifayət qədər möhkəmdir. Bu münasibətlərin gələcək inkişafı üçün əsas şərt də qardaşlıq emosiyasını dövlətlərarası münasibətlərin hüquqi və siyasi prinsipləri – suverenlik, qarşılıqlı hörmət, bərabərhüquqluluq və açıq dialoqla tamamlamadır”.