Rusiya Ukrayna münaqişəsinin nizamlanması istiqamətində irəli sürüləcək yeni təklifləri nəzərdən keçirməyə hazırdır.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov news.ru nəşrinə müsahibəsində bildirib.
Ryabkovun sözlərinə görə, Moskva konstruktiv dialoqa açıqdır. Lakin o vurğulayıb ki, istənilən sülh təşəbbüsü mütləq şəkildə “yerlərdəki reallıqları” əks etdirməlidir.
Rusiya rəsmisi qeyd edib ki, hazırkı mərhələdə əsas məsələ Vaşinqtonun Kiyev hakimiyyətinə və onun Avropadakı tərəfdaşlarına nə dərəcədə təsir göstərə biləcəyidir.
Ryabkov həmçinin iddia edib ki, bəzi Qərb dairələri hələ də Rusiyanın “strateji məğlubiyyəti” ilə bağlı ümidlərini davam etdirirlər.
Diplomatik bəyanatlarla yanaşı, cəbhə xəttində vəziyyət gərgin olaraq qalır.
Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Rusiya dronları ötən gecə ölkənin cənubundakı Odessa vilayətində, Moldova sərhədində yerləşən keçid məntəqəsinə zərbələr endirib.
Hücum nəticəsində “Tabaky” keçid məntəqəsinin infrastrukturu zədələnib.
Ukrayna Dövlət Sərhəd Xidmətinin telqram kanalı vasitəsilə yaydığı məlumata əsasən, hazırda həmin istiqamətdə sərnişin və nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Nəqliyyat axını alternativ keçid məntəqələrinə yönləndirilir.
Hadisə barədə Moldova tərəfinə dərhal məlumat verildiyi bildirilib.