Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş dağıdıcı zəlzələnin ildönümü münasibətilə paylaşım edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paylaşım XİN-in rəsmi sosial media hesablarında dərc olunub.
Nazirliyin açıqlamasında bildirilib ki, Kahramanmaraşda baş verən ağır zəlzələ minlərlə insanın həyatına son qoyub, genişmiqyaslı dağıntılara səbəb olub və bu faciə dərin izlər buraxıb:
“Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş ağır zəlzələnin ildönümündə bu böyük fəlakətin yaratdığı dərin ağrını və kədəri bir daha xatırlayır, minlərlə insanın həyatına son qoymuş bu faciənin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik. Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və bu ağrını öz ağrısı kimi bölüşür”.
Paylaşımda, həmçinin qardaş Türkiyə dövlətinə və xalqına daim rifah, firavanlıq və əmin-amanlıq arzulanıb.
Qeyd edək ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində ardıcıl olaraq 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Təbii fəlakət nəticəsində 53 mindən çox insan həlak olub, on minlərlə bina dağılıb. Dağıdıcı zəlzələlərdən üç il ötür.