Sentyabrın 23-dən “Xocəsən” və “Avtovağzal” metrostansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə məlumatına görə, qərar xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması məqsədilə qəbul edilib.
Bu imkan Sumqayıt, Xırdalan, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadəsinə şərait yaradacaq.
Sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.
Bundan əlavə, bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.
Görülən tədbirlərin məqsədi sərnişin axınlarının daha səmərəli bölüşdürülməsi, alternativ marşrutların artırılması və ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılmasıdır.