İran tərəfi ABŞ ilə münasibətlər və ölkədəki mövcud daxili sosial-iqtisadi vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian hökumətin ictimaiyyətlə əlaqələr rəsmilərinin toplantısı zamanı bildirib.
İran Prezidentinin sözlərinə görə, rəsmi Tehran ABŞ ilə danışıqlara qarşı olan radikal şüarları rədd etməli və dialoqu "ləyaqətlə" davam etdirməlidir.
“Danışmasanız, əbədi olaraq mübarizə aparmaq istəyirsinizmi?” - deyə Məsud Pezeşkian qeyd edib.
İran tərəfi bu açıqlama ilə ictimaiyyətə dürüst mesajlar verməyin vacibliyini vurğulayıb və bildirib ki, ölkə çiçəklənərkən düşmənin çökdüyünü iddia etmək yanlış yanaşmadır. Prezident həm qarşı tərəfin, həm də İranın özünəməxsus problemlərinin olduğunu etiraf edib.
Məsud Pezeşkian həmçinin ölkədəki yüksək enerji istehlakının yay və qış aylarında ciddi fəsadlar yarada biləcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, İran gündə 100 milyon litr benzin istehsal etdiyi halda, tələbat 150 milyon litr təşkil edir. Dövlət başçısı inflyasiyanın səbəblərinə toxunaraq, mövcud mübarizənin çətinliklərini qəbul etməyin labüdlüyünü diqqətə çatdırıb.
Sonda o, İranın öz məqsədləri üçün mərhələli şəkildə çalışmalı olduğunu, hər şeyə birdən-birə sahib olmağın qeyri-mümkünlüyünü vurğulayıb və vəzifəyə gəlişi ilə bağlı maraqlı etiraf edərək, “Məni birdən bura gətirdilər”, - deyə əlavə edib.