Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O, telefon danışığı zamanı Kiyevə tam dəstəyini ifadə edib.
"Zelenski ilə indicə danışdım və Fransanın həmrəyliyini, eləcə də Ukraynaya tam dəstəyini təsdiqlədim. Rusiya cəbhə xəttində dalana dirənsə də, atəşkəsə dair bütün çağırışları israrla rədd edir. Onlar (Rusiya - red) İnfrastruktur və mülki obyektlərə zərbələri gücləndirməklə, beynəlxalq humanitar hüququn ən fundamental prinsiplərini pozmaqla məsuliyyətsiz seçim edir", - Makron bildirib.
Fransa Prezidenti vurğulayıb ki, Fransa və Avropa Ukraynaya dəstək göstərmək, mülki əhalini qorumaq, döyüşlərin intensivliyini azaltmaq və Ukraynanın hüquqlarına hörmətlə yanaşmaqla ədalətli və davamlı sülh ideyasını təşviq etmək istiqamətində öz rolunu davam etdirəcək.
O həmçinin Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib:
"Zelenski ilə söhbətimiz zamanı Ukraynaya pilotsuz uçuş aparatlarının qarşısının alınması və Rusiyanın təcavüzünün çəkindirilməsi istiqamətində göstərə biləcəyimiz konkret dəstəyi müzakirə etdik. Rusiyanın təhdid və eskalasiya siyasətinə boyun əyməyəcəyik. Rusiya yanılmamalıdır: zaman onun əleyhinə işləyir".