Rusiya Ukraynadakı münaqişənin həlli üçün mümkün sülh danışıqları zamanı ərazi güzəştləri əldə edərsə, bunun Baltik regionu üçün təhlükəli presedent yaradacağı istisna edilmir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris "Delfi" portalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, sərhədlərin dəyişdirilməsinə verilən ən kiçik imkan belə gələcəkdə daha geniş iddialara yol aça bilər.
“Sərhədlərin hər hansı şəkildə, hətta ən kiçik formada belə dəyişdirilməsinə icazə versək, bir müddət sonra markerlərlə və xəritələrlə, daha sonra isə tanklarla sərhədləri yenidən çəkmək üçün gələcəklər. Biz işğal olunmuş ərazilərin hər hansı de-yure və ya de-fakto legitimləşdirilməsinə icazə verə bilmərik. Bu prinsiplər həlledicidir”, – Budris vurğulayıb.
O bildirib ki, Ukraynada ədalətli sülhün əldə olunması üçün danışıqlarda ciddi “rıçaqlar”dan istifadə edilməlidir. Bunlara Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunması, Ukraynanın Avropa Birliyinə sürətlə inteqrasiyası və Moskva üçün xüsusi tribunalın yaradılması daxildir.
Litva rəsmisi hesab edir ki, Ukraynaya tam dəstək göstərmək yalnız regionun təhlükəsizliyi üçün deyil, Avropada beynəlxalq hüququn qorunması baxımından da həlledici əhəmiyyət daşıyır.