Leyla Əliyeva Quba rayonuna səfəri çərçivəsində yerli arıçı Zəfər Əzizovu evində ziyarət edərək təsərrüfatla yaxından tanış olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş zamanı Leyla Əliyeva ailə ilə səmimi söhbət edib və onların gündəlik fəaliyyəti ilə maraqlanıb.
Zəfər Əzizov qonaqlara arıçılıq təcrübəsi və ailəsinə məxsus "Ballı Pətək" brendi haqqında geniş məlumat verib. Fermer bildirib ki, 1997-ci ildən cəmi 2 arı ailəsi ilə başladığı peşəkar fəaliyyətini genişləndirərək, hazırda arı ailələrinin sayını 200-ə çatdırıb.
Ailə təsərrüfatı 2010-cu ildən etibarən bazara may, meşə və dağ balları təqdim edir. Yüksək keyfiyyətli məhsul əldə etmək üçün arı ailələri mövsümi olaraq Xaçmaz, Şabran, Qusar və Quba rayonlarına aparılır.
İllik istehsal gücü 2-3 ton olan təsərrüfatda bal ilə yanaşı, arı südü, çiçək tozu və güləm kimi faydalı məhsullar da istehsal olunur. Eyni zamanda, təsərrüfatda cins ana arı yetişdirilməsi də həyata keçirilir.
Görüşün davamında Leyla Əliyeva ev sahibləri ilə birlikdə arı mumundan təbii şamların hazırlanması prosesində bilavasitə iştirak edib. Sonda Zəfər Əzizov və ailəsi göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edərək xatirə hədiyyəsi təqdim ediblər.