Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrini Vaşinqtonu Ankoric razılaşmalarından uzaqlaşdırmaqda və Ukraynada münaqişənin nizamlanması prosesini ləngitməkdə ittiham edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV-lər diplomatın Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş səfirliklərarası dəyirmi masadakı çıxışına istinadən məlumat yayıb.
Məlumata görə, Lavrov 2025-ci ilin avqustunda Alyaskanın Ankoric şəhərində Rusiya və ABŞ liderləri arasında əldə olunmuş ilkin razılaşmalara toxunaraq, münaqişənin bir il əvvəl başa çata biləcəyini bəyan edib. Nazir vurğulayıb: “Əgər amerikalılar Ankoric razılaşmalarından geri çəkilməsəydilər və Avropa ABŞ-ni bu razılaşmalardan uzaqlaşdırmasaydı, artıq bir ildir müharibəsiz yaşayardıq. Bu, aşkar faktdır. Buna görə də nəticə çıxarın”.
O, Moskvanın ABŞ tərəfindən təklif edilən həll variantlarını qəbul etdiyini, lakin Qərb müttəfiqlərinin təzyiqi nəticəsində Vaşinqtonun bu mövqedən geri çəkildiyini iddia edib.
Bildirilib ki, Rusiya tərəfi diplomatik dialoqa açıq olduğunu və həm ikitərəfli, həm də üçtərəfli formatlarda danışıqlarda iştirak etməyə hazır olduğunu bir daha təsdiqləyib. Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında 15 avqust 2025-ci ildə Elmendorf-Riçardson hərbi bazasında keçirilən Ankoric sammiti Ukrayna münaqişəsinin həlli istiqamətində əsas müzakirə platformalarından biri kimi qiymətləndirilmişdi.