İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Bəhreynin Şeyx İsa bölgəsində yerləşən ABŞ hərbi hava bazasına qarşı genişmiqyaslı PUA və raket hücumu həyata keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı rəsmi məlumatda qeyd olunub.
Hücumun "Gerçək vəd-4" əməliyyatının on dördüncü dalğası çərçivəsində edildiyi bildirilir. Məlumata görə, əməliyyat zamanı 20 PUA və 3 raket müəyyən olunmuş hədəflərə dəqiq zərbə endirib.
Məlumatda vurğulanıb: "Nəticədə ABŞ hərbi hava bazasının əsas komandanlıq və qərargah binası məhv edilib."
Xatırladaq ki, ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran isə cavab olaraq İsrail ərazisinə raketlər buraxıb.
Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki gərginliklə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xameneinin ABŞ və İsrailin hücumları nəticəsində öldürüldüyü bildirilir.