Aİ-nin Xarici Fəaliyyət Xidmətində böhran dərinləşir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətində (EEAS) daxili problemlərin kritik həddə çatdığı bildirilir.
Məlumata görə, qurumun keçmiş xüsusi müşaviri, hazırda Con Hopkins Universitetinin professoru Natali Toççi təşkilatdakı vəziyyəti "Hyuston, bizdə problem var" ifadəsi ilə xarakterizə edib. O bildirib ki, rəhbərlik səviyyəsini çıxmaq şərtilə, qurumun fəaliyyətində ciddi boşluqlar müşahidə olunur.
Bildirilir ki, təşkilat daxilində mənəvi-psixoloji vəziyyət pisləşib. Bunun fonunda Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında nüfuz uğrunda rəqabətin getdiyi iddia olunur.
Mənbələrin sözlərinə görə, təcrübəsiz şəxslərin rəhbər vəzifələrə təyin olunması, nepotizm halları və resursların səmərəsiz idarə edilməsi də narazılıq doğurur. Eyni zamanda, əməkdaşların təxminən 8 faizinin stress və tükənmə səbəbindən məzuniyyətə çıxdığı qeyd edilir.
Xatırladaq ki, bəzi diplomatlar Kaya Kallasın əsas diqqəti Rusiya məsələsinə yönəltməsinin və sərt idarəetmə üslubunun Aİ-nin digər xarici siyasət prioritetlərinə mənfi təsir göstərdiyini düşünürlər.