Donald Tramp administrasiyasının Venesueladan gələn neft axınını kəsməsi və Meksikaya qarşı gömrük rüsumu təhdidləri Kubanı dərin enerji böhranına sürükləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, yanacaq ehtiyatlarının tükənməsi ilə əlaqədar ölkədə nəqliyyat, istehsalat və turizm fəaliyyətləri tamamilə dayanıb.
Ölkə boyu davam edən elektrik kəsintiləri gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib, paytaxt Havana gecələr qaranlığa qərq olur.
Enerjiyə qənaət məqsədilə bir çox məktəbdə tədris dayandırılıb, işçilər isə məcburi məzuniyyətə göndərilib.
Böhranın təsirləri yalnız enerji ilə məhdudlaşmır: dövlət xəstəxanaları xidmətlərini ixtisar etmək məcburiyyətində qalıb, yanacaq çatışmazlığı və xarab olan texnika səbəbindən küçələrdə zibil yığınları yaranıb.
Bir vaxtlar dünya şöhrətli simaları qəbul edən Kuba turizmi həm yanacaq yoxluğu, həm də beynəlxalq xəbərdarlıqlar səbəbindən çöküş yaşayır. Təyyarə yanacağı çatışmazlığına görə Rusiya və Kanadadan olan uçuşlar ləğv edilib. Böyük Britaniya və Kanada öz vətəndaşlarına adaya zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə edib.
Kuba Prezidenti Migel Dias-Kanel xalqı müqavimət göstərməyə və müharibə dövrü psixologiyasına uyğunlaşmağa çağırıb.
Digər tərəfdən, ABŞ rəsmiləri, xüsusilə Marko Rubionun rəhbərlik etdiyi danışıqlarda hakimiyyət dəyişikliyi və iqtisadiyyatın açılması tələbləri ön plana çıxır. Mövcud qeyri-müəyyənlik yerli sakinləri ölkədən köçmək yollarını axtarmağa məcbur edir.