"KXDR ABŞ ilə münasibətləri normallaşdırmağa hazırdır, lakin təşəbbüs Vaşinqtonun əlindədir".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen In deyib.
“Biz həm indi, həm də gələcəkdə ABŞ-lə qarşıdurmaya tam hazır olacağıq və Vaşinqtona münasibətdə siyasətimizin dəyişməz əsası kimi son dərəcə sərt mövqeyi ardıcıl şəkildə qoruyacağıq. Lakin ABŞ Konstitusiyada təsbit olunmuş dövlətimizin mövcud statusuna hörmətlə yanaşarsa və KXDR-ə qarşı düşmən siyasətdən imtina edərsə, onlarla yaxınlaşmamaq üçün heç bir səbəbimiz olmaz”, - o bildirib.
“Əksinə, əgər ABŞ bizə qarşı əvvəlki vərdiş olunmuş yanaşmadan əl çəkməsə və sona qədər qarşıdurma mövqeyi nümayiş etdirsə, biz də ardıcıl şəkildə simmetrik cavab verməyə davam edəcəyik. Bunun üçün vasitə və üsullar kifayət qədərdir”, - Kim Çen In vurğulayıb.
O bildirib ki, KXDR ilə ABŞ arasındakı münasibətlərin perspektivi ABŞ-nin yanaşmasından asılıdır:
“Biz həm dinc yanaşı yaşamağa, həm də əbədi qarşıdurmaya hazırıq və seçim bizdən asılı deyil”.
Eyni zamanda o, KXDR-in yaxın illərdə nüvə qüvvələrini gücləndirməyə və genişləndirməyə davam edəcəyini açıqlayıb:
“Biz hər il dövlətin nüvə silahlı qüvvələrini gücləndirməyi planlaşdırırıq, nüvə silahlarının sayını artırmaq, nüvə vasitələrini genişləndirmək və onların tətbiq mühitini böyütmək üçün bütün səyləri göstərəcəyik”.