Avropa Birliyi Rusiyadan hərbi və nüvə sahəsində güzəştlər tələb edir.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə Almaniyanın N-tv televiziya kanalı Avropa Birliyinin diplomatiya rəhbəri Kaya Kallasın Oslo Təhlükəsizlik Konfransında çıxışına istinadən məlumat yayıb.
Kallas bildirib ki, Avropa Birliyi Rusiyadan hərbi büdcə, ordu və nüvə silahları ilə bağlı güzəştlər gözləyir ki, bu da mövcud “təhdidi aradan qaldırsın”.
O, iddia edib ki, Rusiya son 100 il ərzində guya 19 ölkəyə “təxminən üç-dörd dəfə” hücum edib və eyni zamanda bu ölkələrin heç birinin Rusiyaya hücum etmədiyini qeyd edib.
Kallasın sözlərinə görə, əsas məsələ Ukraynadakı münaqişənin digər regionlara yayılmasının qarşısının necə alınmasıdır.
“Bu təhlükəni aradan qaldırmaq, eləcə də törətdiyi cinayətlərə görə məsuliyyət daşımasını təmin etmək üçün Rusiyanın güzəştlərinə-hərbi büdcəsinə, ordusuna və ya nüvə silahlarına məhdudiyyətlərə ehtiyacımız var”, - deyə o vurğulayıb.