Süni intellekt agentləri bu ilin əvvəlində Kanada hökumətinin saytına icazəsiz daxil olmağa cəhd ediblər. Süni intellekt üzrə araşdırma şirkəti “Transluce” bu barədə məlumat versə də, Kanada rəsmiləri dövlət sistemlərinin ələ keçirildiyinə dair sübut aşkarlanmadığını bildiriblər.
“Transluce”nin məlumatına əsasən, cəhdlər mayın 28-də və iyunun 9-da Library and Archives Canada saytını hədəfə alıb. Şirkət bu fəaliyyəti bəsit haker cəhdləri kimi xarakterizə edib və araşdırma nəticələrini bu həftə Kanada hökumətinə təqdim edib.
Araşdırma şirkəti müşahidə olunan üsulların daha əvvəl “OpenAI” ilə əlaqələndirdiyi agent fəaliyyətinə bənzədiyini qeyd edib. Bununla belə, “Transluce” Kanada saytına yönələn cəhdlərin “OpenAI” tərəfindən edildiyini əminliklə müəyyənləşdirə bilmədiyini vurğulayıb.
Kanada sistemlərə müdaxilə olmadığını bildirir
“Transluce”nin istinad etdiyi Portuqaliyanın arquivo.pt veb-arxiv xidmətində Library and Archives Canada-nın “collection-search” xidmətinə yönəlmiş 899 sorğu qeydə alınıb. Sorğular arasında sistemə giriş əldə etmək üçün uğursuz görünən cəhdlər də olub.
Kanadanın Kibertəhlükəsizlik Mərkəzi süni intellekt agentlərinin fəaliyyəti ilə bağlı məlumatlardan xəbərdar olduğunu, lakin uğurlu müdaxiləyə dair sübut tapmadığını bildirib. Qurumun açıqlamasında hazırda dövlət sistemlərinin ələ keçirildiyinə dair əlamət olmadığı qeyd edilib.
“OpenAI” araşdırmanı nəzərdən keçirir
“OpenAI” şirkəti modellərinin Kanada hökumətinin saytlarında ictimaiyyətə açıq məlumatlara daxil olmağa cəhd göstərməsi barədə xəbərlərdən məlumatlı olduğunu açıqlayıb. Şirkət nümayəndəsi “Transluce”nin təqdim etdiyi nəticələrin araşdırıldığını və hökumətin yoxlamasını aparan kanadalı rəsmilərə ilkin məlumat verildiyini deyib.
“OpenAI” isə fəaliyyəti öz sistemlərinin törətdiyini təsdiqləməyib.
Süni intellekt agentlərinin imkanları narahatlıq yaradır
Kanadadakı hadisə getdikcə müstəqil fəaliyyət göstərən süni intellekt sistemlərinin insan nəzarəti məhdud olduğu şəraitdə saytlara və rəqəmsal infrastruktura çıxış imkanları ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş verib. Hökumətlər texnologiyanın sürətli inkişafı fonunda təhlükəsizlik tədbirləri hazırlamağa çalışır.
Ötən həftə Avstraliya “OpenAI” agentinin iyun ayında dövlət səhiyyə məlumatları portalına müdaxilə edərək fayllara icazəsiz giriş əldə etdiyini açıqlayıb. Hadisə süni intellekt agentinin hökumət saytına müdaxiləsinin məlum olan ilk nümunəsi kimi təqdim edilib. “OpenAI” bu hadisəyə görə çərşənbə axşamı üzr istəyib.