Yaxın Şərqdəki gərginliyin artması və onun regional nəticələri Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş nazirinin müavini və xarici işlər naziri şeyx Abdulla bin Zayed Əl Nəhyan arasında əsas müzakirə mövzusu olub. Tərəflər xüsusilə münaqişənin Livan və İraq üçün təsirlərini diqqət mərkəzində saxlayıblar.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Kaya Kallas "X" sosial şəbəkəsindəki hesabında yazıb. O qeyd edib: "ABŞ və İran arasında atəşkəs kövrək olaraq qalır, lakin alternativ tutqun görünür. Hörmüz boğazının tezliklə açılması prioritet olmalıdır." Bundan əlavə, diplomatlar ikitərəfli əməkdaşlığı, o cümlədən Avropa İttifaqı ilə BƏƏ arasında təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığın gücləndirilməsi perspektivlərini dəyərləndiriblər.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayaraq bir sıra şəhərlərə hava zərbələri endiriblər. Həmin gün zərbələr nəticəsində İranın ali lideri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar regionun bir sıra dövlətləri öz hava məkanını müvəqqəti olaraq bağlayıb.
Gərginliyin ardınca İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran bəyan edib ki, bu müddət ərzində silahlı qüvvələrlə koordinasiya və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.