Gündəlik həyatda tez-tez rastlaşdığımız vəziyyətlərdən biri videodakı audionu ayrıca fayl kimi əldə etmək ehtiyacıdır. İstər sevdiyiniz bir musiqi, istərsə də yolda dinləmək üçün bir mühazirə olsun, videodan səsi çıxarmaq artıq çox sadədir.
"Operativ Məlumat Mərkəzi-OMM" bu yazıda müxtəlif cihazlar üçün ən effektiv üsulları təqdim edir.
Kompüterdə səsin çıxarılması
PC istifadəçiləri üçün iki əsas proqram ön plana çıxır:
- "VLC Media Player": Bu universal pleyer həm də güclü konvertasiya funksiyasına malikdir. Proqramda "Media" menyusundan "Konvertasiya et" bölməsinə daxil olaraq videonu asanlıqla MP3 formatına sala bilərsiniz.
- "Audacity": Əgər səsi həm də redaktə etmək istəyirsinizsə, bu proqram ideal seçimdir. Lakin yadda saxlayın ki, video faylları tanımaq üçün "FFmpeg" kitabxanasını quraşdırmalısınız.
Smartfonlar üçün həllər
Mobil cihazlarda xüsusi tətbiqlər işinizi asanlaşdıracaq:
- “Android”: "Video to MP3 Converter" tətbiqi vasitəsilə bir neçə toxunuşla videonu audioya çevirə bilərsiniz.
- “iPhone”: "iOS" istifadəçiləri üçün "MP3 Converter Plus" kimi tətbiqlər mövcuddur, lakin onların çoxu sınaq müddətindən sonra ödənişli olur.
Onlayn xidmətlər və Teleqram botları
Heç bir proqram yükləmədən "Audio Extractor" və ya "Online Audio Converter" kimi veb-saytlardan istifadə edə bilərsiniz. Həmçinin, "Telegram" istifadəçiləri üçün "@newfileconverterbot" kimi botlar link vasitəsilə audionu çıxarmağa imkan verir.
Format və keyfiyyət seçimi
Səsi çıxararkən keyfiyyətə diqqət yetirmək vacibdir. Musiqi üçün ən azı 192-256 kbit/s bitreyt tövsiyə olunur. Ən populyar formatlar isə "MP3" (universal), "AAC" (Apple cihazları üçün) və "WAV" (peşəkar emal üçün) hesab edilir.