Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Kiyevə səfər edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in diplomatik missiyanın teleqram kanalına istinadən verdiyi məlumata görə, onu qatar stansiyasında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb.
Yayımlanan görüntülərdə Kallasın qatar vaqonundan düşdüyü və Sibiqanın rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti tərəfindən qarşılandığı əks olunub. Diplomatların görüş zamanı qucaqlaşaraq salamlaşdıqları bildirilir.
Məlumata görə, martın 31-də Kiyev şəhərində Aİ-nin görüşü keçiriləcək.
Bildirilib ki, Kaya Kallas və Aİ xarici işlər nazirləri Andrey Sibiqa ilə birlikdə Aİ-nin Ukraynaya dəstəyini müzakirə edəcəklər.
Kallas qeyd edib ki, Avropa nümayəndə heyəti Kiyevə “Rusiyanın müharibə cinayətlərinə görə məsuliyyət daşımalı olduğuna dair açıq mesajla” gəlib.