"Benfika"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqası çərçivəsində "Real Madrid"lə baş tutan qarşılaşmadan sonra "Movistar" kanalına geniş müsahibə verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təcrübəli mütəxəssis oyundakı irqçilik qalmaqalı, Vinisius Juniorun davranışı və aldığı qırmızı vərəqə ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Mourinyo meydanda yaşanan gərginlik və irqçilik iddiaları ilə bağlı hər iki tərəfi dinlədiyini bildirib. O, hadisəyə obyektiv yanaşmağa çalışdığını qeyd edərək deyib:
"Nəyə görə peşman olmalıyam? Həm Vinisius, həm də Prestianni ilə danışmışam. Hər ikisi fərqli versiyalar deyir. Mən 100% bir tərəfin doğru dediyini iddia edə bilmərəm. Lakin bir həqiqət var ki, Vinisius vurduğu möhtəşəm qoldan sonra enerjisini azarkeşlərlə mübarizəyə sərf etməməli idi".
Portuqaliyalı məşqçi braziliyalı ulduzun istedadını yüksək qiymətləndirsə də, onun qol qeyd etmə formasını tənqid edib. Mourinyonun sözlərinə görə, belə bir qolu dünyada yalnız Mbappe və ya Vinisius vura bilərdi, lakin qoldan sonra 60 min azarkeşin qarşısına çıxmaq oyunun atmosferini dəyişib.
Matç zamanı texniki zonadan kənarlaşdırılan “Special One” hakimlərin ikili standart tətbiq etdiyini iddia edib. Karyerasında 1400-dən çox oyuna çıxdığını xatırladan Mourinyo, bəzi futbolçulara (Tçuameni, Huysen və Karreras) vərəqə verilməməsinin əvvəlcədən planlaşdırıldığını eyham vurub:
“Mən aşkar bir həqiqəti dediyim üçün qovuldum. Hakimin sanki xüsusi bir siyahısı var idi ki, kimlərə sarı vərəqə göstərmək olmaz. Bu sistemin necə işlədiyini yaxşı bilirəm.”
Cəza səbəbindən cavab oyununda "Santyaqo Bernabeu" stadionunda skamyada otura bilməyəcəyini deyən Mourinyo, bunun çətin olacağını etiraf edib. O, paltardəyişmə otağına daxil ola bilməyəcəyini və komanda ilə birbaşa əlaqə qura bilməyəcəyini, lakin köməkçilərinə güvəndiyini vurğulayıb.
Sonda "Real Madrid"in qələbəyə layiq olduğunu qeyd edən məşqçi, rəqibin oyunun 30-35-ci dəqiqələrindən sonra üstünlüyü tamamilə ələ aldığını bildirib.