Yaponiya Xarici İşlər Nazirliyi göyərtəsində üç yapon ekipaj üzvü olan bir neft tankerinin Hörmüz boğazından təhlükəsiz şəkildə keçərək Fars körfəzini tərk etdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Liberiya bayrağı altında üzən və Yaponiyanın “Kyoei Tanker” şirkətinə məxsus xam neft daşıyan gəmi artıq Yaponiyaya doğru istiqamət alıb.
Xarici İşlər Nazirliyi bildirib ki, gəminin hərəkəti İran tərəfi ilə koordinasiya olunub və bu, regionda təhlükəsiz dəniz daşımalarının təmin olunması baxımından mühüm addım kimi qiymətləndirilir.
Yaponiya hökumətinin açıqlamasına görə, hazırda Yaponiya ilə əlaqəli və heyətində yapon vətəndaşları olan bütün gəmilər Fars körfəzini tərk edib.
Baş nazir Sanae Takaiçi hökumətin ABŞ və İran arasında əldə olunan anlaşma memorandumundan sonra belə gəmilərin Hörmüz boğazından sərbəst və təhlükəsiz keçidi üçün diplomatik səyləri davam etdirəcəyini bildirib.
O, həmçinin qeyd edib ki, Yaponiya ilə əlaqəli 37 gəmi hələ də Hörmüz boğazından keçmək üçün icazə gözləyir.