İsveçin Baş naziri Ulf Kristersson yanvarın 14-də ölkənin bir neçə hərbçisinin “Operation Arctic Endurance” adlı hərbi təlimlərdə iştirak etmək üçün Qrenlandiyaya göndərildiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, İsveç hərbi personalı Danimarkanın xahişi ilə müttəfiq dövlətlərdən ibarət qrupun tərkibində adaya gəlib.
Onlar təlimlər çərçivəsində gələcək addımların birgə planlaşdırılması və koordinasiyasında iştirak edəcəklər.
Kristersson bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək bildirib:
“Bu gün İsveç ordusunun nümayəndələri Qrenlandiyaya gəlirlər. Onlar bir neçə müttəfiq ölkədən ibarət qrupun tərkibindədirlər”.
Məlumata görə, təlimlərdə Norveç də iştirak edir. Norveçin müdafiə naziri Tore Sandvik ölkəsinin hərbi tədbir üçün iki hərbçi göndərdiyini açıqlayıb. O qeyd edib ki, Norveçin iştirakı müttəfiqlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Sandvik əlavə edib ki, hazırda NATO çərçivəsində Arktika regionunda təhlükəsizliyin gücləndirilməsi ilə bağlı mümkün tədbirlər müzakirə olunur.