İsraildə hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Təl-Əviv küçələrinə axışaraq yürüş keçirən minlərlə yəhudi hökumətdən Qəzzada saxlanılan girovların azad edilməsi üçün HƏMAS-la razılığa gəlinməsini tələb edib.
Etirazçılar, onlarla girovun, eləcə də saxlanılan girovlardan bəzilərinin ailə üzvlərinin razılığın gecikməsi səbəbindən dözməyərək öldüyünü, bu səbəbdən də əsir mübadiləsi ilə bağlı razılaşmanın əldə olunmadığı hər bir günün İsrailə böyük ziyan vurduğunu bildiriblər.
“Girovlar ailələrinə qaytarılmadan biz normal həyatımızı davam etdirə bilmərik. İsrail öz vətəndaşlarını silahlı qruplaşmanın əlindən geri ala bilmədiyi müddətcə özünü mükəmməl, müstəqil və güclü adlandıra bilməz. Onları xilas etmək bizim bir nömrəli öhəliyimizdir. Onlarsız biz naqisik, əskiyik, onların olmaması ölkəni tənəzzülə aparır”, - girov Naama Levinin atası Yoni Levi deyib.
Etirazlar Qətərin paytaxtı Dohada həftələr sonra keçiriləcək ilk atəşkəs danışıqlarının başlamasından bir neçə gün öncəyə təsadüf edib. Danışıqların yeni raundu üçün İsrail öz nümayəndə heyətini göndərib. HƏMAS rəsmiləri danışıqlarda birbaşa iştirak etməsə də, Qəzza zolağını həmin danışıqlarda Qətər və Misir rəsmiləri təmsil edəcək. Həmçinin, ABŞ da danışıqlarda vasitəçi qismində işitrak edəcək.
İsraillilər bu danışıqların, saxlanılan girovları azad etmək üçün son fürsət olduğunu düşündüklərini, razılıq əldə olunmazsa, qısa müddət ərzində Yaxın Şərqdə gərginliyin miqyasının böyüyəcəyini və əsir mübadiləsinin öz aktuallığını itirə biləcəyindən narahatlıqlarını bildiriblər.
HƏMAS qruplaşması hazırda 110-a yaxın girovu, eləcə də 30-dan çox yəhudinin qalıqlarını saxlayır.
Tərəflər arasında son əsir mübadiləsi ötən ilin noyabrında baş tutmuşdu və nəticədə HƏMAS saxladığı girovların 70-ni azad etmişdi. Bunun müqabilində İsail 275 fələstinli məhbusu azadlığa buraxmışdı.