İsrail Qəzza zolağının Rəfah şəhərinə hücumları instensivləşdirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ordunun sözçüsü Daniel Haqari, şəhərdən daha on minlərlə insanın təxliyə edilməsinə göstəriş verib.
Qəzza səhiyyə nazirliyinin xəbərinə görə, son 1 həftə ərzində Rəfahda məskunlaşan 150 mindən çox insan İsrailin xəbərdarlıqlarından sonra şəhəri tərk edib.
Müharibənin davam etdiyi 7 ay ərzində anklavın müxtəlif bölgələrində gedən şiddətli döyüşlərdən yaxa qurtarmaq üçün yüz minlərlə insan, Rəfah şərəinə üz tutmuşdu. Bu səbəbdən İsrail-HƏMAS müharibəsindən öncə, yarım milyondan az əhalisi olan Rəfahda məskunlaşanların sayı 1,5 milyona çatıb.
Belə ki, bu şəhər Misirlə sərhəddə yerləşdiyindən və Qəzza zolağında daxil olan bütün yardımlar məhz Rəfah sərhəd-keçid məntəqəsindən keçdiyindən, eləcə də ağır yaralı və xəstə Qəzzalıların xarici ölkələrə təxliyəsi bu şəhərdən həyata keçirildiyindən Rəfah anklavın ən təhlükəsiz şəhəri hesab edilirdi.
Lakin, müharibə İsrailin planlarına uyğun olmayan şəkildə davam etdiyindən, HƏMAS-a təzyiqləri artırmağa çalışan İsrail qüvvələri son variantlardan biri kimi Rəfah şəhərinə daxil olmaqda qərarlı olduğunu nümayiş etdirir.
B.Netanyahu hökumətinin bu qərarı İsrail xalqının böyük qəzəbinə səbəb olub. Rəfaha hücumun atəşkəs danışıqlarına və sülh planlarına ciddi ziyan vuracağını düşünən yəhudilər silsilə aksiyalar nümyayiş etdirərək baş nazir Netanyahunu istefaya çağırırlar. Netanyahu həmçinin güclü beynəlxalq təzyiqlərlə də üzləşib, hətta Rəfaha hücum planı ölkənin ən yaxın müttəfiqi olan ABŞ ilə münasibətlərin 40 ildən sonra qismən pozulmasına səbəb olub.
Bir neçə gün öncə CNN kanalına müsahibə verən Ağ Ev lideri Co Bayden, açıq şəkildə İsrailin Rəfah planını pislədiyini və bu şəhərdə hərbi əməliyyatların genişləyəcəyi təqdirdə ölkəyə silah satışını dayandıracağını bildirdi.