İsrail ordusunun Həmasla müharibədə itirdiyi hərbçilərin sayı 574 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail müdafiə qüvvələri açıqlama verib.
Məlumata görə, 574 hərbçidən 236-sı Qəzzada terrorçulara qarşı aparılan genişmiqyaslı quru əməliyyatında həlak olub.
Son sutkada isə daha 1 israilli əsgərin öldüyü təsdiqlənib.
Ötən gün İsrailin müharibə kabinetinin üzvü Benni Qantz son həftələr döyüşlərin daha şiddətli xarakter aldığı Rəfah şəhəri ilə bağlı Həmasa növbəti dəfə xəbərdarlıq edib.
O, girovlar azadlığa buraxılmasa İsrail qüvvələrinin Ramazan ayının ilk günündə Rəfaha daxil olacağını bildirib.
Sözügedən şəhərdə hazırda 1.5 milyondan çox fələstinli yaşayır.
Onların əksəriyyəti müharibə səbəbindən Qəzzanın digər bölgələrindən didərgin düşüb.
134 gündür davam edən müharibə ötən il oktyabrın 7-də Həmas-ın İsrail ərazisinə gözlənilməz hücumu ilə başlayıb.
Terrorçular münaqişənin ilk günlərində təxminən 1200 nəfəri qətlə yetirib və 240-a yaxın şəxsi girov götürüb.
İsrail ordusu isə Həmas-ın hücumlarına cavab olaraq Qəzza zolağında genişmiqyaslı quru əməliyyatına başlayıb.
Bu müddət ərzində müharibə nəticəsində həlak olanların sayı 30 mini ötüb.