İranın Gilan əyalətinin Ənzəli şəhərində tanınmış rejissor, 74 yaşlı Kiyumərs Purəhməd intihar edib.
"Operativ Məlumat Mərkəzi-OMM" “İran İnternational”a istinadən xəbər verir ki, əyalət prokurorluğu faktı təsdiqləyib.
Gilan əyalət prokuroru Mehdi Fallah Miri deyib ki, hadisə yerinə xüsusi işlər üzrə müstəntiq göndərilib: “Müstəntiq rejissorun intihar etdiyi qənaətinə gəlib”.
“Şaxta” kinojurnalının redaktoru Huşanq Gülməkaniyə rejissorun depressiya və ümidsizlik səbəbindən intihar etdiyini yazıb: “Ümidsizlik və gərəksizlik. Çox dəhşətli, inanılmaz, dəhşətli və şokedici hadisədir”.
İranın tanınmış jurnalisti Nuşabəx Əmiri tviterdə yazıb ki, K.Purəhməd zalım İslam Respublikası tərəfindən qətlə yetirilib: “Bəli, onu öldürüblər”.
Rejissorun yaxınları bildirib ki, o, ölkədə baş verənlərdən və mövcud vəziyyətdən sarsılmışdı.
Qeyd edək ki, bir müddət əvvəl rəsmi mənbələr onun ürək çatışmazlığından vəfat etdiyini açıqlamışdı.