İran Silahlı Qüvvələrinin komandanlığı ABŞ-nin ölkənin cənub bölgələrində yerləşən hədəflərə endirdiyi zərbələri kəskin şəkildə pisləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, rəsmi bəyanatda ABŞ ordusunun öhdəliklərini pozduğu və hücumun Ayətullah Əli Xameneinin vida mərasimi keçirilən vaxta təsadüf etdiyi bildirilib.
Tehran bu addımı beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirib.
Bəyanatda Hörmüz boğazı ilə bağlı da xəbərdarlıq yer alıb. İran tərəfi bildirib ki, boğazdan keçən ticarət gəmiləri və neft tankerləri üçün təhlükəsiz marşrut yalnız İran İslam Respublikasının müəyyən etdiyi istiqamətdir. Rəsmi Tehran Hörmüz boğazının idarə olunmasına və bölgədəki proseslərə kənar müdaxiləyə yol verilməyəcəyini vurğulayıb.
İran Silahlı Qüvvələrinin komandanlığı ABŞ-nin hücumuna "sarsıdıcı cavab" veriləcəyini də bəyan edib. Açıqlamada qeyd olunub ki, Tehran baş verənləri "qlobal təkəbbürün məğlubiyyəti" kimi qiymətləndirir və ölkənin suverenliyini qorumaq əzmində olduğunu bir daha bəyan edir.
ABŞ tərəfi isə İranın bu bəyanatına münasibət bildirməyib.