Fevralın 28-dən başlayan qarşılıqlı hərbi əməliyyatlar fonunda İranın bölgədəki ABŞ hərbi varlıqlarına vurduğu ziyanın ümumi məbləği 1,902 milyard dollara çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, itkilərin böyük hissəsi Qətərdəki "El Udeyd" hava bazasında yerləşən və dəyəri 1,1 milyard dollar olan "AN/FPS-132" erkən xəbərdarlıq radar sisteminin sıradan çıxarılması ilə bağlıdır.
Məlumata əsasən, Küveyt hava hücumundan müdafiə sistemlərinin səhvi nəticəsində vurulan 3 ədəd "F-15E Strike Eagle" qırıcısının bərpası üçün 282 milyon dollar tələb olunur.
Eyni zamanda, Bəhreynin paytaxtı Manamada yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanma qərargahı da hədəf alınıb. Burada hər birinin qiyməti 20 milyon dollar olan iki ədəd "AN/GSC-52B" peyk rabitə terminalı zədələnib.
Peyk görüntüləri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "THAAD" ballistik raket müdafiə sisteminin 500 milyon dollar dəyərindəki "AN/TPY-2" radar komponentinin də məhv edildiyini təsdiqləyir. Ümumilikdə İran tərəfi regiondakı 7 fərqli ABŞ hərbi nöqtəsini, o cümlədən İraqdakı Ərbil bazasını və Küveytdəki "Camp Arifjan" düşərgəsini hədəfə alıb. Hücumlar zamanı 6 ABŞ hərbçisinin həlak olduğu bildirilir.