İranın xarici işlər naziri Abbas Araqçı ABŞ Prezidenti Donald Trampın İslam Respublikasına qarşı yeni hərbi zərbələr endirməyə hazır olması barədə bəyanatına reaksiya verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "RIA Novosti" agentliyi yayımlayıb.
Vaşinqtondan gələn təhdidləri şərh edən nazir bildirib ki, rəsmi Tehranın kənar köməyə ehtiyacı yoxdur:
"Bizim özümüzü müdafiə etmək imkanımız var, heç kimə ehtiyac duymuruq".
Araqçı həmçinin əlavə edib ki, İran rəhbərliyi hadisələrin istənilən inkişaf variantına tam hazırdır.
Qeyd edək ki, bir müddət əvvəl Donald Trampın Pentaqon və Ağ Evdən İrana qarşı mümkün hücum variantlarını əks etdirən sənəd aldığı barədə məlumatlar yayılmışdı. Həmin planda dövlət müəssisələrinə və "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) obyektlərinə zərbələr endirilməsi nəzərdə tutulur.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətini danışıqlar masasına oturmağa çağırmış və imtina ediləcəyi təqdirdə ölkə ərazisinə yeni zərbələr endiriləcəyi ilə hədələmişdi. Ağ Ev rəhbəri bildirib ki, "Abraham Lincoln" aviadaşıyıcısının rəhbərlik etdiyi nəhəng hərbi donanma artıq İrana doğru istiqamət götürüb və zərurət yarandığı təqdirdə öz missiyasını sürətlə yerinə yetirməyə qadirdir.