İran İslam Respublikası üçün ABŞ ilə dialoq qurmaqdan daha çox, hərbi hazırlıq vəziyyəti ön plandadır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi məlumat verib.
Diplomatın sözlərinə görə, hazırda Tehran üçün danışıqlar masası prioritet təşkil etmir.
"ABŞ ilə danışıqlar bizim gündəmimizdə deyil. Əsas hədəfimiz dövlətin müdafiəsi üçün 200 faiz hazır olmaqdır" - deyə bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp ABŞ hərbi gəmilərindən ibarət ikinci "armada"nın İran istiqamətində hərəkət etdiyini açıqlamışdı. O, Tehranın yeni bir saziş bağlamağa razı olacağına ümid etdiyini bildirsə də, sənədin detalları barədə konkret məlumat verməmişdi.
Bununla yanaşı, "The Economist" nəşrinin yaydığı məlumata görə, Trampın İrana və onun siyasi rəhbərliyinə qarşı güclü zərbə endirmək ehtimalı müzakirə olunur. Lakin qeyd olunur ki, bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.