İran İslam Respublikası NATO tərəfindən ölkənin nüvə proqramı və Hörmüz boğazında naviqasiya azadlığı ilə bağlı irəli sürülən iddiaları qəti şəkildə rədd edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, rəsmi Tehran səsləndirilən ittihamların əsassız və siyasi məqsəd daşıdığını bildirib.
İranın diplomatik nümayəndəliyinin yaydığı açıqlamada qeyd olunub ki, ölkənin nüvə proqramı yalnız dinc məqsədlərə xidmət edir. Bildirilib ki, İran “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi”nin (NPT) iştirakçısı olan məsuliyyətli dövlət kimi nüvə silahlarının hazırlanmasını öz müdafiə doktrinasına daxil etmir.
Tehran Fars körfəzi və Hörmüz boğazında dəniz təhlükəsizliyi məsələsinə də toxunaraq bildirib ki, İran bölgədə naviqasiya azadlığının qorunmasında məsuliyyətli mövqe nümayiş etdirir.
İran tərəfinin açıqlamasında vurğulanıb ki, regiondakı qeyri-sabitliyin əsas səbəbi Tehran deyil. Bildirilib ki, gərginliyin mənbəyi regiondan kənar qüvvələrin qeyri-qanuni hərbi müdaxilələri və təxribatçı siyasətləridir.
İranın mövqeyinə görə, diplomatik yanaşmadan daha çox güc siyasətinə üstünlük verən tərəflər ABŞ və İsraildir.
Tehran NATO-nun İran xalqına qarşı yönəlmiş addımları dəstəklədiyini iddia edərək, alyansın Yaxın Şərqdə sülh və təhlükəsizlik məsələləri ilə bağlı tövsiyələr vermək üçün mənəvi əsaslara malik olmadığını bildirib.
İran rəsmiləri əlavə edib ki, regional təhlükəsizliyin təmin olunması üçün qarşıdurma deyil, qarşılıqlı hörmət və diplomatik dialoq əsas götürülməlidir.