İran Ukraynanın Xəzər dənizində İran bayrağı altında üzən ticarət gəmisinə endirdiyi zərbəni terror aktı kimi qiymətləndirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İranın Moskvadakı səfiri Kazem Cəlali “RIA Novosti”yə açıqlamasında iyulun 25-də baş verən hadisə zamanı kommersiya yükü daşıyan mülki gəminin qəsdən hədəfə alındığını bildirib.
Diplomatın sözlərinə görə, hücum nəticəsində gəmi heyətinin bir üzvü həlak olub, digər heyət üzvü isə yaralanıb.
Hadisədən sonra İranın rəsmi mövqeyi sərtləşib. Cəlali bildirib ki, Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Andrey Sibiqa İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı insidentə görə üzr istəyib.
Bununla belə, Tehran yalnız üzrxahlıqla kifayətlənmək niyyətində deyil. İran səfiri Ukrayna tərəfinin hadisə nəticəsində dəymiş bütün maddi və mənəvi ziyanı ödəməli olduğunu bildirib.
Cəlali eyni zamanda Ukraynanın Qərbdəki müttəfiqlərinə, o cümlədən Avropa ölkələri və ABŞ-yə çağırış edib. O, Qərb dövlətlərini Kiyevin hərəkətlərinə görə məsuliyyəti bölüşməyə və Ukraynanın məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırıb.
İranlı diplomat Qərb ölkələrinin mülki hədəflərə qarşı hüquqazidd əməllərə münasibətdə “ikili standartlar” tətbiq etdiyini də iddia edib. Onun sözlərinə görə, bu yanaşma siyasi xarakter daşıyır.
Xəzər dənizində baş verdiyi bildirilən insident İran-Ukrayna münasibətlərində yeni diplomatik gərginlik yaradıb.