ABŞ kəşfiyyat orqanlarının qiymətləndirməsinə görə, İran, ABŞ və İsrail arasında baş verən münaqişə ABŞ-də baş vermiş sui-qəsd cəhdinə təsir göstərmiş ola bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyinin nəzərdən keçirdiyi daxili hesabatda yer alıb.
ABŞ-nin Daxili Təhlükəsizlik Departamentinin ilkin qiymətləndirməsində şübhəli şəxs Kol Allenin “çoxsaylı sosial və siyasi narazılıqlara” malik olduğu və Yaxın Şərqdəki münaqişələrin onun qərarına təsir etmiş ola biləcəyi qeyd edilib.
Hesabatda bildirilir ki, Allen sosial şəbəkələrdə ABŞ-nin İran münaqişəsindəki rolunu tənqid edən paylaşımlar edib və onun internet fəaliyyəti federal istintaq orqanları tərəfindən araşdırılıb.
Məlumata görə, 27 aprel tarixli sənəd 25 apreldə Ağ Evdə baş verən və sui-qəsd cəhdi kimi qiymətləndirilən insidentdən sonra hüquq-mühafizə orqanlarına göndərilib.
İstintaq çərçivəsində FBI Allenin sosial media fəaliyyətini, o cümlədən İran, immiqrasiya siyasəti və beynəlxalq münaqişələrlə bağlı paylaşımlarını araşdırır.
ABŞ prokurorları bu həftə Allenə qarşı Məxfi Xidmət əməkdaşına qarşı atəş açmaq ittihamı irəli sürüblər. Şübhəli şəxs isə hələlik ittihamları qəbul etməyib.