İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai ölkənin dondurulmuş maliyyə vəsaitlərinin sərbəst buraxılmasından sonra onların yalnız müəyyən məhsulların alınmasına yönəldiləcəyi barədə iddiaları təkzib edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bəqayi bildirib ki, dondurulmuş vəsaitlərin istifadəsi ilə bağlı hər hansı məhdudiyyət mövcud deyil.
“Dondurulmuş vəsaitlərlə bağlı heç bir məhdudiyyət yoxdur. Bu vəsaitlər ölkənin maraqlarına uyğun şəkildə istifadə ediləcək”, - o qeyd edib.
Bəqai həmçinin bildirib ki, İsveçrədə keçirilən görüşlər çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə görüş baş tutmayıb.
Onun sözlərinə görə, ABŞ və İsrailin hücumları nəticəsində zərər görən İranın nüvə obyektlərində Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən yoxlamaların aparılması ilə bağlı hazırda hər hansı proqram nəzərdə tutulmur.
İran rəsmisi əlavə edib ki, ABŞ memorandum üzrə öhdəliklərini yerinə yetirəcəyi təqdirdə, İran da öz öhdəliklərini icra edəcək və bu məsələdə birtərəfli addım atmayacaq.
Nüvə məsələləri və sanksiyaların aradan qaldırılması ilə bağlı danışıqların başlanması üçün memorandumda nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayan Bəqai bildirib ki, İranın müdafiə potensialı və raket proqramı heç bir halda danışıqların mövzusu olmayıb və olmayacaq.
“İranın müdafiə qabiliyyəti və raket proqramı heç vaxt müzakirə predmeti olmayacaq”, – deyə o vurğulayıb.