İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Baqai son günlər gündəmi zəbt edən ABŞ ilə mümkün müvəqqəti razılaşma barədə xəbərlərə kəskin münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Baqai qeyd edib ki, İran və ABŞ arasındakı nüvə danışıqları ətrafında müxtəlif fərziyyələrin yaranması qeyri-adi hal deyil, lakin hazırda dövriyyədə olan iddiaların heç biri rəsmi təsdiqini tapmayıb.
"Biz heç bir fərziyyəni təsdiq etmirik. İstənilən danışıqlar prosesinin detalları yalnız danışıqlar otağında müzakirə olunur", - deyə o vurğulayıb.
XİN rəsmisi həmçinin qeyd edib ki, müvəqqəti sazişlə bağlı yayılan məlumatların heç bir real əsası yoxdur. Danışıqlar prosesi peşəkar müstəvidə davam etdirilir. Rəsmi Tehran yalnız ölkənin milli maraqlarına cavab verən şərtləri qəbul edəcək.