"Mən hesab edirəm ki, İran rəsmi qurumları, istər İran mediası ümumiyyətlə Azərbaycana, onun rəsmi şəxslərinə, dövlət qurumlarına, ictimai şəxslərinə qarşı çirkin iftiralar atmaqla məşğuldur".
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Hədə-qorxu, hədələmə üslubu ilə Azərbaycana qarşı təzyiq kampaniyası yürütməyə çalışır. Bununla da öz istəyinə nail olmağı düşünür. Lakin İran unudur ki, Azərbaycan onun hədə-qorxu yolu ilə danışıb, istəklərini həyata keçirəcəyi bir ölkə deyil. Azərbaycan kifayət qədər güclü, öz müttəfiqləri ilə birgə aydın fəaliyyət istiqamətində hərəkət edən bir dövlətdir. Bu mənada Azərbaycan Xarici İşlər Nazirliyinin İrana qarşı verdiyi notanı mən çox doğru hesab edirəm. Bu, İranın ölkəmizə qarşı aqressiv, qəbuledilməz, qaralama kampaniyasından ibarət olan siyasətinə etiraz notasıdır".
Siyasi şərhçi qeyd edib ki, bu çox doğru və vaxtında atılmış addımdır. O ki qaldı, Azərbaycan mediası çox ciddi bir şəkildə ölkə ictimaiyyətini bu məsələlərlə bağlı maarifləndirir, məlumatlandırır, çox doğru bir şəkildə addım atır.
''İran ən yaxşısı bizim medianı, qurumları ittiham etməkdənsə, öz ölkəsindəki bizə qarşı ittihamla, qaralama kampaniyası ilə çıxış edən öz mediasına fikir versə, onlara nəzarəti artırsa, həmçinin onlar üzərində ədalətli yanaşmasına nail ola bilərsə bu, İran üçün daha faydalı olar. Hesab edirəm ki, İran 0 nöqtəsinə qayıtmalıdır, münasibətlərdə təhdid, hədələmə, şantaj ritorikasından əl çəkməlidir və mehriban qonşuluq siyasətinə sadiq davranmalıdır. Bu halda aramızadakı münasibətlər qaydaya düşə bilər".
Aminə Nəzərova