İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ABŞ-İsrail arasında İrana qarşı müharibədə atəşkəs elanından sonra regiondakı son vəziyyəti müzakirə ediblər.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl-Səud telefon danışığı zamanı regional hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
Abbas Əraqçi mövcud vəziyyəti şərh edərək, davam edən gərginlik fonunda İranın məsuliyyətli mövqe sərgilədiyini vurğulayıb.
O, ABŞ-nin hərəkətlərindən narahatlığını ifadə edərək, Vaşinqtonun nüvə danışıqları prosesində İrana qarşı iki dəfə hərbi təcavüz etdiyini qeyd edib və diplomatik proses başlamazdan əvvəl belə bu cür addımların atılmasından təəssüfləndiyini bildirib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri isə ölkəsinin atəşkəs razılaşmasını dəstəklədiyini və regionda sabitliklə təhlükəsizliyin bərpası istiqamətində səylərin davam etdirildiyini diqqətə çatdırıb.
Feysəl bin Fərhan Əl-Səud həmçinin mövcud atəşkəsin münaqişəyə tam son qoyulmasına və bölgədə sülhün bərqərar olmasına zəmin yaradacağına ümid etdiyini bildirib.