Müasir dövrdə insult əksər ölkələrdə ölüm səbəbləri arasında ikinci-üçüncü yerləri, əliliyin səbəbi kimi isə birinci yeri tutur. Həmçinin. insult ailə üzvlərinə müəyyən öhdəliklər qoyur və cəmiyyətə ağır sosial-iqtisadi yük olur. İnsult zamanı effektiv müalicə və profilaktik metodlarının tətbiqi Qərbi Avropa ölkələri, ABŞ, Yaponiya və Avstraliyada son 15 il ərzində insultla bağlı ölüm hadisələrinin 50%- dən çox azalmasına səbəb olmuşdur.
Qeyd edək ki, hər iki saniyə ərzində dünyada bir insult hadisəsi baş verir. Hər il dünyada 17 milyona yaxın insult xəstəsi qeydiyyatdan keçir, 6 milyona yaxın insan həyatını bu xəstəlik səbəbindən itirir. Gələcək 20 il ərzində dünyada tibbin inkişafı nəticəsində insult riski 30-35% azalacaq, eyni zamanda, yaşam müddətinin uzanması v əhalinin qocalması ilə əlaqədar, bu xəstəlik 11% artacaq.
Bəs nədir bu insult? Hansı riskləri özündə daşıyır? Ümumiyyətlə bu xəstəlikdən qorunmağın yolları nələrdir?
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan nevroloq Rəna Abbasova deyir ki, insult beyin qan dövranının kəskin pozulması nəticəsində baş-beyində ocağlı zədələnmənin yaranması ilə xarakterizə olunan sindromdur:
“İnsultun 2 növü var – işemik və hemorragik. İşemik insult qan təchizatının çatışmazlığı nəticəsində, hemmorragik insult isə beyinə qan sızması nəticəsində yaranan zədələnmədir”.
Doktor deyir ki, kəskin baş ağrısı, ürəkbulanma, baş gicəllənməsi, huşun alaqaranlıq olması, xüsusilə bir ətrafda zəifliyin və hərəkətsizliyin olması, koordinasiyanın və tarazlığın, nitqin, hər iki gözdə görmənin pozulması insultun əsas əlamətləridir.
Həkim modifikasiya edilə bilən risk amillərindən də danışdı: “Arterial hipertoniya, tütün və narkotik vasitələrdən istifadə, şəkərli diabet, ürək xəstəlikləri, keçirilmiş insult və ya TİH, yuxu arteriyalarının stenozu, hiperkoaqulyasiya ilə müşayiət olunan hallar, az hərəkətli həyat tərzi, alkoqolun həddindən çox qəbulu, oral kontraseptivlərin qəbulu (hamiləlik əleyhinə həblər) və.s bu qrupa aiddir.
“Modifikasiya edilə bilinməyən risk amilləri isə yaş, kişi cinsinə mənsubluq, irq və genetik meyllilikdir. Bu xəstəlikdən qorunmaq üçün xəstələr düzgün qidalanmalı, arterial qan təyziqini artıran qidalardan uzaq olmalı, aktiv həyat tərzi sürməli, idmanla mütəmadi olaraq məşğul olmalı və stressdən uzaq durmalıdırlar”.
Nevroloqun fikrincə insultun müalicəsi ən qısa müddətdə həyata keçirilməlidir. Xəstəyə vaxtından tez müdaxilə olunarsa, stasionar şəraitdə xəstəliyin dinamikasında müsbət nəticə olarsa, xəstəliyin sağalma ehtimalı da yüksək olur.
Belə… Nəfəs aldığımız hər iki saniyədən bir bədənimiz bu riski daşıyır və təhlükə bizi gözləyir… Sağlamlığımızın qeydinə qalaq və daim həkim müayinəsindən keçək.
Mədinə Useynova
