ABŞ müdafiə naziri Lloyd Ostin Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının qarşısını almaq üçün əməliyyata başladıqlarını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bəhreyndə səfərdə olan Pentaqon rəhbəri, “Rifahın keşikçisi” adlı əməliyyatda Birləşmiş Ştatlar, Böyük Britaniya, İtaliya və Niderland da daxil olmaqla, ümumilikdə 10 ölkənin iştirak edəcəyini qeyd edib.
Dəniz əməliyyatı zamanı Qırmızı dənizlə yanaşı Ədən körfəzində də husilərin hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub.
Məsələyə münasibət bildirən Yəməndəki Husi qiyamçıları ABŞ hətta bütün dünyanı səfərbər etsə belə Qırmızı dənizdə İsraillə əlaqəli olan gəmiləri hədəf almağa davam edəcəklərini bildirib.
Qeyd edək ki, husi qiyamçılarının beynəlxalq ticarət üçün əsas dəhliz olan Qırmızı dənizdə yük daşımalarına qarşı hücumları daha da artıb. Tankerlər, əsasən, Babül-Məndəb boğazında hücuma məruz qalırlar. Husilər bunun İsrailin Qəzzaya endirdiyi zərbələrə cavab olduğunu bildirir. Son günlər BP-yə məxsus tankerləri vurulmasından sonra, sözügedən neft şirkəti ötən gün Qırmızı Dənizlə neft nəqliyyatını dayandırıb.