Çinin "Shenzhen EngineAI Robotics" şirkəti humanoid robotlar üçün dünyada ilk döyüş sənəti liqasının yaradıldığını elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, çempionat "Ultimate Robot Knock-out Legend" (URKL) adlanır.
Şirkət özünün mülkiyyətində olan T800 modelini universal yarış platforması kimi təklif edir.
Bundan əlavə, dünyanın hər yerindən iştirakçılar öz qoruyucu vasitələrini hazırlamağa, alqoritmik innovasiyaları tətbiq etməyə və mühəndislik optimallaşdırmasından istifadə etməyə təşviq olunurlar.
Robotların modifikasiyası qadağandır. Qeydiyyatdan və ilkin seçim mərhələsindən sonra URKL əsas turnirində dörd qrupa bölünmüş 16 komanda iştirak edəcək.
Oyunlar üç beş dəqiqəlik raunddan ibarət olacaq. Hər qrupdan ilk iki yeri tutan komanda dörddəbir finala yüksələcək.
Çempion 10 milyon yuan (1,44 milyon dollar) dəyərində 10 kiloqramlıq təmiz qızıl kəmər qazanacaq.
Turnirin məqsədi humanoid robotların hərəkətə nəzarət, balanslaşdırma alqoritmləri, qərar qəbuletmə və digər funksiyalar da daxil olmaqla əsas imkanlarını təkmilləşdirməkdir.
"EngineAI T800" robotu 2025-ci ilin dekabr ayında 180.000 yuan (26.000 ABŞ dolları) başlanğıc qiyməti ilə ictimaiyyətə təqdim edilib.
Robotun boyu 1,73 metr, çəkisi isə 75 kiloqramdır.