Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları buraxılıb

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları buraxılıb
01.12.2023 11:03
Aa
dəq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markalarını dövriyyəyə buraxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, markalar müxtəlif kateqoriya üzrə hazırlanıb və iki dövlətdə çap olunub. Bu markalar arasında 1 markadan ibarət blok məhdud sayda, cəmi 2000 tirajla, hər biri isə özəl nömrələnmiş Almaniyanın Berlin şəhərində yerləşən “Bundesdruckerei” nəşriyyat evində çap olunub.

Markanın tərtibatına xüsusi diqqət yetirilib. Belə ki, poçt blokunun üzərində H.Əliyevin fotosu və onun dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sitatı qızılı folqa ilə basma üsulu ilə çap olunub. Markanın nominal dəyəri 10 manat təyin olunub. Bundan əlavə, markanın üzərinə Azərbaycanda ilk dəfə olaraq “QR-kod” yerləşdirilib, 300 000 tirajla 0,50 qəpik nominalı olan poçt markası Almaniyada çap olunub və dövriyyəyə buraxılıb. H.Əliyev haqqında məlumatın əcnəbilər arasında geniş yayılması üçün “QR-kod”a H.Əliyev haqqında https://president.az/ saytında ingilis dilində yerləşdirilmiş məlumata keçid verilib.

Çap olunan digər markalar blok və kiçik vərəq şəklində hazırlanıb. Dizayn baxımından müasir üslubda tərtib olunan poçt markalarının üzərində H.Əliyevin müxtəlif dövrlərdə çəkilmiş fotolarından istifadə olunub.

"Bu gün dünyada filateliyaya marağın yenidən artdığı vaxtda Azərbaycanın yeni markaları həm kolleksiyaçılar üçün böyük töhfə olacaq, həm də onların məktubların üzərinə vurularaq dünyaya yayılması ölkəni beynəlxalq səviyyədə təbliğ edəcək. Məhz bu səbəbdən “Azərpoçt” “Heydər Əliyev 100 il” loqolu, 6 müxtəlif nominalda, ümumi 4 581 000 tirajla standart poçt markaları və bundan əlavə markalı zərflər hazırlayıb, daxili və xarici poçt göndərişlərində istifadə üçün dövriyyəyə buraxıb. Standart poçt markaları isə Belarusun Bobruysk şəhərində “Integrated Printing House” mətbəəsində çap olunub. Poçt markaları ilə yanaşı, Birinci gün zərfləri və xüsusi möhürlər hazırlanıb. Layihə üzərində iki rəssam-dizayner – Nəriman Məmmədzadə və Orxan Qarayev çalışıb", - deyə məlumatda qeyd olunub.

Həftənin ən çox oxunanları