Türkiyənin xarici işlər naziri Hakan Fidan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Qəzza sektoru üzrə rəsmi olaraq təsis edilmiş “Sülh Şurası”nın gələcək fəaliyyətindən danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, nazir qeyd edib ki, bu qurum zaman keçdikcə beynəlxalq müstəvidə daha kritik rol oynayacaq.
Fidanın sözlərinə görə, Şura müxtəlif ölkələrin fərqli baxış bucaqlarını uzlaşdırmağa çalışdığı mühüm bir platformadır:
“Sülh Şurası” bir çox ölkənin bir araya gələrək ortaq məxrəcə gəlməyə çalışdığı məkandır. Bu proses ciddi diplomatik danışıqlar və mübarizə tələb edir. Sahədəki münaqişə artıq danışıqlar masasına daşınıb.
Nazir həmçinin vurğulayıb ki, Davosda şura üzvləri ilə ilk qısa görüş keçirilib və əsas diqqət humanitar yardımların çatdırılmasına yönəlib. O, fələstinlilərdən ibarət komitənin artıq işə başladığını və ilk təşəbbüslərin reallaşdırılacağını bildirib.