Dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq şəraitində həyatını davam etdirir. Bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Pekində təşkil olunan Yoxsulluğun Azaldılması və İnkişaf üzrə Qlobal Forumun iştirakçılarına ünvanladığı müraciətdə məlumat verilib.
Müraciətdə qeyd olunub ki, ucqar kənd yerlərindən tutmuş sıx məskunlaşmış şəhərətrafı ərazilərə qədər müxtəlif bölgələrdə yaşayan 800 milyon insan – qadınlar, uşaqlar və kişilər – ağır şəraitdə yaşamaqdadır. Quterreşin sözlərinə görə, bu insanların vəziyyəti aşağıdakı amillər səbəbindən daha da ağırlaşır:
- Münaqişələr;
- İqlim dəyişiklikləri;
- Dərinləşən bərabərsizlik;
- Ağır borc yükü.
BMT-nin Baş katibi hökumətləri bir sıra istiqamətlərdə tədbirlər görməyə çağırıb. Bura layiqli iş yerlərinin yaradılması, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxışın təmin edilməsi, kənd yerlərinin dayanıqlı inkişafı və universal sosial müdafiə sistemlərinin qurulması daxildir.
Bundan əlavə, Antonio Quterreş qlobal maliyyə sistemində islahatların zəruriliyini diqqətə çatdırıb. O, inkişaf etməkdə olan ölkələrin layihələrini maliyyələşdirmək üçün kifayət qədər fiskal imkanlara, həmçinin beynəlxalq səviyyədə daha geniş dəstəyə və təmsilçiliyə ehtiyac duyduqlarını vurğulayıb.