Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) 7-ci Sammitinin yekunlarına dair jurnalistlərə açıqlamasında TRIPP layihəsi və Cənubi Qafqazda kommunikasiyaların açılması perspektivlərinə toxunub. Lavrov bildirib ki, Moskva TRIPP layihəsində iştirakla bağlı rəsmi müraciət almayıb, lakin Rusiyanın regiondakı texniki imkanları və hazırlığı bütün maraqlı tərəflərə yaxşı məlumdur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, S.Lavrov Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları alqışladıqlarını bəyan edib:
“Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini tam dəstəkləyirik və regiondakı infrastruktur layihələrində yaxından iştirak etməyə hazırıq. “Rusiya Dəmir Yolları” ASC “Cənubi Qafqaz Dəmir Yolu” konsessiyası çərçivəsində fəaliyyətini sürdürür. Bu infrastruktur bizə yaxşı tanışdır və biz onun texniki xidmətini tam təmin edirik”, – deyə Rusiya XİN rəhbəri vurğulayıb.
Rusiya XİN rəhbəri Azərbaycan və Türkiyənin təşəbbüsü ilə təsis edilən “3+3” regional əməkdaşlıq platformasına da diqqət çəkib. O, bu formatın sadəcə fərdi layihələrlə məhdudlaşmadığını, bütövlükdə regional təhlükəsizlik və inteqrasiya kontekstini əhatə etdiyini bildirib.
Lavrov, həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti birbaşa görüşünün keçiriləcəyi məkan üzrə razılıq əldə edəcəklərini gözlədiyini qeyd edib. O, diplomatik təmasların ardıcıllıqla — növbəti görüşün Azərbaycanda, sonrakının isə İrəvanda təşkil olunmasını məqsədəuyğun hesab etdiyini dilləndirib.
Xatırladaq ki, TRIPP – “Trump Route for International Peace and Prosperity” (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) layihəsi Ermənistanın Zəngəzur (Sünik) dəhlizi ərazisindən keçən strateji tranzit marşrutunun inşasını nəzərdə tutur. Layihə şərtlərinə görə, dəhliz Ermənistanın suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək, habelə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa və maneəsiz quru əlaqəsini təmin edəcək. Layihə çərçivəsində İrəvan marşrutun inkişafı üçün ABŞ-yə 99 ilədək müstəsna uzunmüddətli hüquqlar tanıyır. Cari ilin may-iyun aylarında ABŞ Dövlət Katibi Marko Rubionun İrəvana səfəri zamanı tərəflər arasında müvafiq çərçivə sazişi imzalanıb.
Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kalugin isə daha əvvəl bildirmişdi ki, Moskva TRIPP layihəsinin reallaşmasında bir sıra geostrateji və texniki risklər görür. Rusiya tərəfi Ermənistan-İran sərhədində rusiyalı sərhədçilərin mövcudluğu, Azərbaycanın dəmir yolu şəbəkəsi ilə inteqrasiya üçün Rusiya standartlı (1520 mm) xətlərdən istifadə olunması və “Cənubi Qafqaz Dəmir Yolu” ilə 2038-ci ilədək qüvvədə olan konsessiya sazişini hüquqi reallıq kimi xatırladır. Moskva, həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqının (AVRADA/Aİİ) vahid gömrük məkanına daxil olduğunu vurğulayaraq, layihənin icra mexanizmlərinin kompleks şəkildə araşdırılmasının vacibliyini bəyan edir.