Əsas məzmuna keç

Fransada supermarketlərin soyutma sistemlərinə kiberhücum edilib

Fransada supermarketlərin soyutma sistemlərinə kiberhücum edilib

Hücum nəticəsində mağazalarda soyuducu və dondurucu avadanlıqların temperaturu dəyişdirilib, məhsul ehtiyatları zərər görüb. Yalnız Elzas bölgəsindəki iki supermarketə 270 min avro ziyan dəyib.

en ru

Fransanın aparıcı supermarketlər şəbəkələrinin soyutma və dondurma sistemlərinə qarşı mütəşəkkil kiberhücum təşkil olunub. Hücum nəticəsində mağazaların Soyutma və İqlimə Nəzarət (HVAC) sistemlərinə distant müdaxilə edilərək temperatur göstəriciləri kritik həddə qaldırılıb, bu da böyük miqdarda təzə və dondurulmuş ərzaq məhsullarının yararsız hala düşməsinə səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Système U” (Cooperative U) pərakəndə satış qrupunun rəhbəri Dominik Şelşer (Dominique Schelcher) hesabında insidenti rəsmən təsdiqləyib. O bildirib ki, qrupun tərkibinə daxil olan bir sıra ticarət obyektlərinin dondurucu və soyuducu aqreqatları hədəfə alınıb. Müdaxilə nəticəsində xüsusilə dondurma və dondurulmuş məhsul vitrinlərində temperatur müsbət 26 dərəcədən yuxarı qalxıb.

Fransanın Elzas regionunda iki “Intermarché” və “Super U” supermarketində artıq ilk dəyərləndirmələrə görə 270 min avro məbləğində birbaşa maddi ziyan qeydə alınıb. Şəbəkə rəsmiləri ölkə üzrə ümumi iqtisadi itkinin milyonlarla avroya çata biləcəyini istisna etmirlər.

Fransanın BFMTV telekanalının yaydığı məlumata əsasən, kibercinayətkarlar soyutma qurğularının təhlükəsizlik və avtomatlaşdırma proqram təminatına sızaraq, sistemin iş rejimini köklü şəkildə dəyişiblər. Hakerlər avadanlıqlarda məcburi və davamlı buzəritmə (defrost) rejimini aktivləşdiriblər. Nəticədə bəzi qapalı soyutma kameralarında temperaturun mənfi göstəricilərdən müsbət 50 dərəcəyədək yüksəldiyi müəyyən edilib.

Hadisə ilə bağlı Fransanın kibertəhlükəsizlik üzrə müvafiq dövlət agentlikləri və hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı istintaq-əməliyyat tədbirlərinə başlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…