Filippinin cənubunda yerləşən Zamboanga şəhərindəki liseylərdən birində silahlı hücum baş verib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Manila Times” qəzetinin məlumatına görə, Milli İstintaq Bürosunun (NBI) açıqlamasında hadisənin dərslərin başlamasına az qalmış baş verdiyi bildirilib.
Məlumata əsasən, silahlı şəxs məktəbə daxil olaraq atəş açıb. İlkin ehtimallara görə, hücumu törədən şəxsin həmin məktəbin sonuncu sinif şagirdi olduğu bildirilir.
Hadisə nəticəsində 2 şagird və 2 mühafizəçi həyatını itirib. Hücum zamanı daha 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda hüquq-mühafizə orqanları hücumun motivlərini və məktəbdə təhlükəsizlik tədbirlərinin necə təşkil olunduğunu araşdırır. Hadisə ilə bağlı genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.
Filippin Prezidenti Ferdinand Marcos Jr. hadisə ilə bağlı təhlükəsizlik qüvvələrinə ciddi tapşırıqlar verib.
Dövlət başçısı insidentin hərtərəfli araşdırılmasını tələb edib və məktəblərdə şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlərin gücləndirilməsinə göstəriş verib.