İspaniyanın cənubunda yerləşən Los-Qalyardos bölgəsində baş verən güclü meşə yanğını ağır nəticələrə səbəb olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Jandarma və Mülki Müdafiə qurumlarının açıqlamasına əsasən, hadisə nəticəsində azı 11 nəfər həyatını itirib.
Məlumata görə, yanğın ərazisində aparılan axtarış-xilasetmə işləri zamanı tamamilə yanmış üç avtomobil aşkarlanıb. Həmin nəqliyyat vasitələrinin hər birinin içərisində bir nəfərin meyiti tapılıb.
Bundan əlavə, Bedar şəhərinə gedən yolun yaxınlığında daha 8 nəfərin yanmış cəsədi aşkar edilib.
Hazırda hüquq-mühafizə orqanları və məhkəmə-tibb ekspertləri hadisə yerində araşdırmalar aparır.
Fövqəladə vəziyyət zamanı həyatını itirən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Mütəxəssislər bu yanğını İspaniya tarixində ən ağır meşə yanğınlarından biri kimi qiymətləndirirlər. Qeyd olunur ki, 2005-ci il iyulun 17-də Qvadalaxara bölgəsində baş verən meşə yanğınında da 11 nəfər həlak olmuşdu.
Endülüs muxtar hökuməti təhlükəsizlik tədbirləri çərçivəsində bölgədə yaşayan 1400 nəfərin təxliyə edildiyini açıqlayıb.
Yanğının qarşısının alınması və söndürülməsi əməliyyatlarına Hərbi Fövqəladə Hallar Birliyinin (UME) 200 əməkdaşı və 70-dən çox texnika cəlb olunub.
Hazırda Almeriya bölgəsi ilə yanaşı, Malaqa şəhəri ətrafında da davam edən yanğın ocaqlarının lokallaşdırılması üçün havadan və qurudan genişmiqyaslı mübarizə tədbirləri həyata keçirilir.