Əfqanıstanın şərqində yerləşən Nuristan vilayətində güclü yağışlar nəticəsində baş verən sel böyük dağıntılara səbəb olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təbii fəlakət nəticəsində yaşayış məntəqələri su altında qalıb, bölgənin infrastrukturuna ciddi ziyan dəyib.
Ölkənin Milli Fəlakətlərin İdarə Olunması İdarəsinin məlumatına görə, sel nəticəsində azı 20 nəfər həyatını itirib, 80 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata əsasən, fəlakətdən ən çox zərər çəkən ərazi vilayətin inzibati mərkəzi olan Parun şəhəridir. Rəsmilər 100-dən çox şəxsin itkin düşdüyünü və onların tapılması üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının davam etdirildiyini bildiriblər.
Xilasedicilər mürəkkəb relyef və çətin hava şəraiti fonunda işlərini davam etdirirlər.
Qeyd olunur ki, Əfqanıstan iqlim dəyişikliyinin təsirlərinə ən həssas ölkələrdən biridir. Ölkədə son illərdə həm güclü quraqlıqlar, həm də qeyri-adi yağıntılar nəticəsində yaranan sel hadisələri daha çox müşahidə olunur.