Gənclər və idman naziri Fərid Qayıbov tanınmış samboçu Mehman Xəlilovun bu yaxınlarda Sumqayıtda məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədərək, onun ölümünə səbəb olmasına münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında baş verən hadisəyə görə təəssüf hissi keçirdiyini söyləyib.
O, bununla bağlı danışmaqda çətinlik çəkdiyini vurğulayıb: “Baş verən hadisə hamımızı şoka saldı. Vəfat edən yeniyetmənin ailəsinə başsağlığı verirəm. Hadisə ilə bağlı istintaq gedir, bunun nəticəsini gözləməliyik”.
Fərid Qayıbov əlavə edib ki, məşqçilərin lisenziyalaşdırılması və federasiyalar tərəfindən tanınması onlar üçün prioritetdir: “Məşqçilərin lisenziyalaşdırılması ilə bağlı federasiyalarla daim görüşürük. Təəssüf ki, bir çox hallarda məşqçilər federasiyaları tanımır. Bununla mübarizə aparırıq”.
Gənclər və idman naziri vurğulayıb ki, idmançılar, məşqçilər və hakimlərlə bağlı yeni sistemin istifadəyə verilməsi yönündə işlər aparılır: “İnsanlar artıq bir yerdən daxil olaraq, həm idmançılar, həm məşqçilər, həm də hakimlər haqda məlumat əldə edə biləcəklər. Həmin sistemə məlumatları əlavə etmək bir az vaxt tələb edir”.